Yaponiyanın "Fujitsu” firması dünyanın ən kiçik kompüterini istehsal edib.
Standart qovluq kağızı ölçüsündə olan "Lifebook U1010S” noutbuklara
alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində
təqdimatı keçirilən "Lifebook U1010S” kompüteri həvəskarlarının böyük
marağına səbəb olub. Cəmi 63 qram çəkisi olan yeni kompüter asan
daşındığı və asan istifadə olunduğu üçün digər kompüterləri qabaqlayır.
"Lifebook U1010S” bir masaüstü kompüterdə olan bütün proqramları və
texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən
kkompüterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs
göstərdiyini açıqlayıb. ”Fujitsu”nun
baş direktoru İvan Kam "Lifebook U1010S”in texnologiya aləmində böyük
yenilik olduğunu söyləyib: "Bu dünyada ən yüngül kompüterdir. İlk
baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan
demək olar ki, heç bir fərqi yoxdur. "Lifebook U1010S”in eyni zamanda
həm optik (lazer) oxucusu, həm də sərt diski (hard disk) var”.
"Fujitsu”nun yeni nəsil kompüterlərini digərlərindən ayıran ən vacib
xüsusiyyətlərdən biri də onun batareyalarının fasiləsiz 11 saat
işləməsidir. Sözügedən batareyalar həm də kompüterdəki məlumatların ələ
keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir. A4
kağızı ölçüsündəki bu cihaz toxunuşla işləyən ekrana malikdir. Qeyd
edək ki bu məhsulun satış qiymətinin $1500 - $2000 arasında olması
gözlənilir.
Texnologiya dünyasının tanınmış markalarından olan "Fujitsu” bu son
məhsulu ilə önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk
10 firmanın arasına girməyi hədəfləyir.